Bu gün Azərbaycan xalqının böyük lideri Məmməd Əmin Rəsulzadənin doğum günüdür. 128 il bundan əvvəl Bakının Novxanı kəndində dünyaya gələn bu böyük şəxsiyyət 44 yaşında Şərqdə ilk Demokratik Cumhuriyyətin banisi oldu. Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olan Rəsulzadə Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.